SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Fuad Muradov Bruklin şəhərinin meri ilə görüşdü – Foto

22 Noyabr 2018 [03:59]
Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Nyu-Yorkda "My Way” Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkil etdiyi "Mənim dünyam, mənim yolum” Azərbaycan uşaqlarının sərgisində iştirak edib və təşkilatın fəaliyyəti ilə tanış olub.

Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə uşaqların əl işləri ilə tanış olan nümayəndə heyəti, balaca soydaşlarımıza ölkəmiz barədə məlumatlar veriblər. Tədbirdə yalnız azərbaycanlı uşaqlar deyil, ABŞ-da yaşayan digər millətlərin də uşaqları iştirak edib, milli musiqimizin sədaları altında rəqs ediblər.

Səfər çərçivəsində Dövlət Komitəsinin şöbə müdirləri Vüqar Məmmədov və Səlhət Abbasova soydaşlarımızın təşkil etdiyi "İrsimizə atəş açmayın” filminin nümayişində iştirak edib. Bruklin şəhər merinin binasında nümayiş etdirilən film Azərbaycanda çəkilib. Filmin süjet xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti təşkil edir. Filmin nümayişində soydaşlarımız və çoxsaylı qonaqlar iştirak edib.

Nümayəndə heyəti Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan "Azərbaycan Multikulturalizmi” adlı musiqili tədbirdə də iştirak edib. Məşhur Linkoln mərkəzində baş tutan tədbirdə çıxış edən dövlət komitəsinin sədri Fuad Muradov Azərbaycanın tolerant, çoxmillətli və mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu bildirib. Ölkəmizdə multikulturalizm ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Eyni zamanda, belə tədbirlərin müxtəlif mədəniyyətlərin və bu mədəniyyətlərin daşıyıcısı olan xalqların biri-birinə daha yaxından inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib.


Konsert proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, soydaşlarımız və xarici qonaqlar da iştirak edib. İki saatadək davam edən tədbirdə milli musiqi mədəniyyətimiz geniş şəkildə qonaqlara təqdim edilib.

Nyu-York görüşlərinin davamı Bruklin şəhər meri Erik Adamsla keçirilib. Bruklində çox sayda azərbaycanlının yaşadığını deyən E.Adams ölkəmizlə bağlı xoş fikirlərini bölüşüb, soydaşlarımızın Amerikada aktiv həyat sürdüyünü qeyd edib.


Dövlət Komitəsinin rəhbəri isə ölkəmiz və diaspor təşkilatları haqqında məlumat verərək diqqətə çatdırıb ki, burada soydaşlarımızın və təşkilatların normal fəaliyyəti üçün hər cür imkanlar mövcuddur.

Gələcək əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə şəhər Meri ölkəmizə dəvət edilib.