SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Borcunu Allaha həvalə edən kişinin əhvalatı

18 Iyul 2018 [10:42]


Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər demişdir: "(Bir gün) İsrail oğullarından olan bir kişi İsrail oğullarından olan bir nəfərdən min dinar borc istədi. Borc verən şəxs: "Şahidlərini gətir!"- dedi. O da: "Şahid olaraq Allah kifayət edər!"- deyə cavab verdi. Borc verən şəxs dedi: "Onda zamin gətir!" O da: "Zamin olaraq da Allah kifayət edər!"- deyə cavab verdi. 
Borc verən şəxs: "Sən doğru söylədin”- dedi və müəyyən bir müddətədək ona min dinar borc verdi. O, pulları götürüb dənizlə səfərə çıxdı. Lazımi işləri gördükdən sonra müəyyən bir müddətədək aldığı borcu yiyəsinə göndərmək üçün bir gəmi axtarmağa başladı. 

Lakin gəmi tapa bilmədiyini gördükdə bir ağac parçasını götürüb içini oydu və min dinarı, onunla da bərabər bir məktubu onun içinə yerləşdirdi. Ağac parçasının oyuq yerini bağladıqdan sonra onu dəniz kənarına gətirdi və: "Allahım! Sən bilirsən ki, mən filan şəxsdən min dinar borc istədim, o da məndən bir zamin istədi.

 Mən: "Zamin olaraq Allah kifayət edər!"- deyə cavab verdim, o da Sənin zamin olmağına razı oldu. Sonra o məndən bir şahid istədi, mən də: "Şahid olaraq Allah kifayət edər!"- deyə cavab verdim, o da Sənin şahid olmağına razı oldu. Mən onun borcunu göndərmək üçün gəmi tapmağa çalışdım, lakin gəmi tapa bilmədim. Artıq mən bu borcu Sənə həvalə etdim"- deyə dua etdi və odun parçasını dənizə atdı, o da suya qərq oldu. 

O çıxıb getdi və ölkəsinə qayıtmaq üçün gəmi axtarmaqda davam edərək bir müddət gözlədi.

(Borcun qaytarma müddəti gəlib çatdıqda) borc verən şəxs dəniz sahilinə çıxdı və öz-özünə: "Bəlkə bir gəmi pulumu gətirmiş ola!"- deyərək gözləməyə başladı. (Lakin vaxt keçir, gəmi isə gəlib çıxmaq bilmirdi). O, (evə qayıtmaq istədikdə) içində pul olan həmin ağac parçası gözünə sataşdı və ailəsi odun kimi istifadə etsin deyə onu götürüb evinə gətirdi. O, ağac parçasını iki yerə böləndə içindəki pulu və məktubu gördü.  

Bir müddət keçdikdən sonra borc alan şəxs ölkəsinə qayıtdı və min dinar pulu ona gətirib dedi: "Allaha and olsun ki, borcu sənə gətirmək üçün gəmi axtarmağa nə qədər çalışdımsa, indi gəldiyim gəmidən daha tez bir gəmi də olsun belə tapa bilmədim”. 

O da: "Sən mənə bir şey göndərdinmi?"- deyə soruşdu. Borc alan şəxs: "Sənə dedim axı, indi gəldiyim gəmidən daha tez bir gəmi də olsun belə tapa bilmədim. O dedi: "Şübhəsiz ki, Allah sənin ağac parçasının içində göndərdiyin borcu artıq sənin əvəzinə ödəmişdir. Elə isə gətirdiyin bu min dinarı götür və doğru-dürüst olduğun halda get!" (Musnəd İmam Əhməd, 8571).