SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Doğru yalandan güclüdür, fiziki mənada da...

03 Yanvar 2018 [03:20]
Doğrunu gizlətmək məqsədli şəkildə kimisə aldatmaqdır və onun vurduğu maddi-mənəvi ziyan hər kəsə məlumdur. Alimlərin apardığı yeni tədqiqata görə yalan sağlamlığa da mənfi təsir göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Amerika Psixoloqlar Assosiasiyasının tədqiqatçıları bildiriblər ki, daha az yalan danışanların sağlamlıq göstəriciləri daha yüksək olur, çünki hər zaman nəyisə olduğundan fərqli göstərmək xeyli yorucu və stresslidir.

London Elm Muzeyinin araşdırmasına görə, daha çox işlədilən yalanlar bunlardır: "mobil telefonumda şəbəkə yox idi, tıxac idi, necə də arıqlamısan!".

Almaniyada "Splendid Research" şirkətinin açıqlamasına əsasən, ölkə sakinlərinin 60 faizi hər gün ən azı bir dəfə yalan danışır. Təbii ki, bu təkcə almanlara xas xüsusiyyət deyil, daha qlobal fenomendir.

Araşdırmaçılar faktları tam əks etdirməsə də, iki nəfər arasındakı 10 dəqiqəlik söhbət zamanı ən azı bir dəfə yalan danışıldığını güman edirlər.

Yalan danışmağa vadar edən səbəbləri öyrənmək üçün sosial şəbəkələrin birində "Niyə yalan danışırsınız?" başlığı altında anket hazırlanıb və respondentlərə ünvanlanıb. Sorğuya cavab verənlərin əksəriyyəti kimlərisə razı salmaq, sevindirmək, cəsarətləndirmək məqsədilə yalan söylədiklərini etiraf ediblər. Sorğuda iştirak edənlərin 49 faizinin "ağ yalan"a müraciət etdiyi də məlum olub.

Almaniyanın Kassel Universitetinin sosial məsələlər üzrə psixoloqu Mark-Andre Reinhard yalansız bir cəmiyyətin mövcud olmadığını və insanların sosial imiclərinə zərər verə biləcək xırda detallara da həssas davranması səbəbindən hərdən kiçik yalanlar söylədiklərini bildirib. Lakin psixoloqlar yalanın insanlar arasında etibarsızlıq və inamsızlıq yaratması, bağların "qırılması"na səbəb olması barədə xəbərdarlıq ediblər.

Psixoloq Anita Kelli yalanın sağlamlığa təsirini öyrənmək məqsədilə təcrübə keçirib. O, iki qrup yaradaraq birinə yalan danışmaq haqqında sərbəstlik verib. Digər qrup iştirakçılarına isə gündəlik həyatdakı "ağ yalanlar"dan imtina etmək tapşırılıb, o cümlədən saxta üzrlər, həqiqətdə olduğundan daha müsbət təəssürat yarada biləcək şişirtmələr də məsum yalanlar kimi qiymətləndirilərək qadağan edilib. On həftədən sonra hər iki qrup iştirakçılarının sağlamlıq vəziyyəti yoxlanılıb. Yalanın qadağan edildiyi qrup iştirakçılarında gərginlik və stress səviyyələrinin nəzərəçarpacaq dərəcədə azaldığı məlum olub.