SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

AZƏRBAYCANIN BƏDİİ SƏNƏTKARLIĞI DÜNYA MUZEYLƏRİNDƏ

28 Dekabr 2017 [19:51]
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramika və metal məmulatı, bədii şüşə və oyma sənəti, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, kaşı sənəti, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları - bütün bunlar bədii irsimizin çox zəngin olduğunu sübut edir.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətlərimizin böyük və zəngin bir tarixi vardır.

Araşdırmalar göstərmişdir ki, Azərbaycan ərazisində yaşayan tayfalar hələ 4 min il bundan əvvəl daşdan, gildən, metaldan orijinal formalı qab-qacaq, silah və bəzən örnəkləri düzəldib öz həyat və məişətlərində istifadə etmişlər.

Bu sənət əsərləri öz orijinal forması, dəqiq işlənməsi və xüsusən üzərindəki bəzəkləri ilə çoxdandır sənət araşdırıcılarının diqqətini özünə cəlb etmişdir.

Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Dünya muzeylərinin bəzəyi sayılan bu nadir sənət əsərlərimizin Avropa, Asiya, Amerika qitəsindəki ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılması da böyük bir tarixə malikdir. Onların bir çoxu ayrı-ayrı şəxslərdən alınmış, bəzilərini müxtəlif vaxtlarda ölkəmizdə olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər gətirmiş, bəziləri isə qarət olunmuşdur.

Moskva muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Uzun illər aparılan elmi araşdırmalar göstərmişdir ki, hazırda dünyanın bir çox görkəmli şəhərlərində olduğu kimi Moskva şəhərində də Azərbaycan xalqının əsrlər boyu yaratdığı sənət nümunələrinin böyük bir qismi mühafizə olunur.

Bunlar əsas etibarı ilə Kremlin Silah palatasında, Şərq xalqları muzeyində, Dövlət Tarix muzeyində, Xalq yaradıcılığı muzeyində, Moskva və onun ətrafında yerləşən kilsələrdə (Savvo-Storojevski, Sergiyevo kilsələri, Kiril-Belozyerski monastrı və s.) cəm olunmuşdur.

Moskvada Azərbaycan sənətkarlarığının ən bədii və orijinal nümunələri hazırda Kremlin Silah palatasındadır.

Burada türk, İran, hind, Fransa, İngiltərə, alman xalq sənəti nümunələri ilə yanaşı müxtəlif zamanlarda Azərbaycanda yaradılmış bir çox orijinal sənət nümunələri də nümayiş etdirilir.

Silah palatasındakı Azərbaycana aid sənət nümunələrinin böyük bir qismini zərgərlik və bədii metal məmulatları təşkil edir. Bunlardan zərif naxışlarla həkk olunub, qiymətli daş-qaşlarla bəzədilmiş başlıqları, qalxanları, qılınc, xəncər və bəzək nümunələrini xüsusilə qeyd etmək lazımdır.

Kremlin Silah palatasında nümayiş etdirilən Azərbaycan zərgərliyi nümunələri içərisində XVI əsrə aid bədii bir qalxan tamaşaçıların nəzərini xüsusilə cəlb edir.

Qalxanla əlaqədar olaraq, Azərbaycanda düzəldilmiş bu dövrə aid iki maraqlı əsəri də qeyd etməliyik. Bunlardan biri müharibə zamanı zadəganlar tərəfindən istifadə edilən zirehli baş geyimi, o birisi isə bir cüt dirsəklikdir.

Bu nadir sənət əsərlərinin də bədii qalxan kimi nə vaxt, kim tərəfindən Moskvaya gətirildiyi haqda dəqiq bir məlumat yoxdur.

Silah palatasında saxlanılan metal məmulatları bəzəyindən danışarkən bəzən rəsm və naxışlar arasında olan ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında da söhbət açmaq lazım gəlir. Bunlarda hansı usta tərəfindən kim üçün, kimin sifarişi ilə və nə vaxt düzəldiyini bildirən sözlərə, bəzən qurandan götürülmüş kəlmələrə və yaxud klassik Şərq şairlərinin şerlərinə də rast gəlinir.

Silah palatasında saxlanılan parçalarımızı öz bədii xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: ornamental və süjetli parçalar.

Süjetli parçalarımız daha orijinal və qiymətlidir. Çünki bu tipli parçalarımız üzərində biz Şərq klassiklərinin əsərlərindən və Azərbaycan xalq yaradıcılığından götürülmüş müxtəlif mövzulu səhnəciklərə rast gəlirik.

Silah palatasında saxlanılan bu tipli parçalarımızdan biri daha çox maraq doğurur.

Sankt-Peterburq Muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Azərbaycan ustalarının yaratdığı sənət nümunələrini mühafizə edən muzeylər içərisində Sankt-Peterburq şəhərində yerləşən muzeylər görkəmli yer tuturlar. Belə muzeylər sırasına ilk növbədə Sankt-Peterburq Dövlət Ermitajını, Kazanski Sobor və s. yerləri aid etmək olar.

Dövlət Ermitajının Şərq incəsənəti şöbəsində İran, türk, çin, yapon və ərəb xalqlarının maddi-mədəniyyəti ilə yanaşı Azərbaycan xalqının da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir.

Burada ən qədim dövrlərdən tutmuş əsrimizin əvvələrinədək Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri vardır.

Dövlət Ermitajı dünya muzeyləri içərisində ilk növbədə Azərbaycan sənətkarlığının ən qədim nümunələrini mühafizə edən mədəniyyət ocağıdır. Burada yığılan bürüncdən düzəldilmiş zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri qədim dövr sənətimizin maraqlı bir səhifəsini təşkil edir.

Ermitajda nümayiş etdirilən e.ə. II minilliyə aid abidələrimiz içərisində öz orijinal forması və dəqiq işləməsi ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı tapılmış bürünc öküz başı fiquru xüsusi ilə diqqəti cəlb edir.

Dövlət Ermitajında tunc dövrə aid edilən sənət abidələri içərisində kəmər, bilərzik, müxtəlif formalı və rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə də rast gəlinir.

Vaxtı ilə Qarabağın Xocalı kəndində aparılan qazıntı işləri zamanı tapılmış 3000 illik tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, hazırda Dövlət Ermitajında tunc dövrünə aid edilən bəzi qızıl zərgərlik sənəti nümunələri də elə buradan tapılmışdır.

Sankt-Petereburq Dövlət Ermitajında orta əsrlərə aid olan metal sənəti nümünələrimiz də çoxdur.

Bu sənət nümunələrini forma və məzmununa görə iki böyük qrupa bölmək olar:

1. Plastik sənət xarakteri daşıyan abidələr.

2. Məişət əşyaları.

Plastik sənət abidələri sırasına ilk növbədə burada saxlanılan V-VIII əsrlərə aid bürüncdən tökülmüş quş, heyvan və insan fiqurlarını daxil etmək olar.

Qafqaz Albaniyasının tarixi və incəsənəti ilə məşğul olan görkəmli Sankt-Peterburq alimi akademik K.Trever bu fiqurları Mingəçevirdən tapılmış bu tipli saxsı məmulatların davamı kimi qələmə verir. Qeyd olunan fiqurlardan biri alimlərin diqqətini çoxdan özünə cəlb edir. VII əsrə aid edilən bu fiqur hələ XIX əsrin axırlarında Naxçıvandan tapılıb. 35,6 sm hündürlükdə olan bu fiqur alimlərin fikirincə Qafqaz Albaniyasının hökmdarı Cavanşiri (638-670) təsvir edir.

Fiqurun dördkünc altlıq hissəsinin üz tərəfində iki şir və dağ keçisi təsvir edilmişdir. Yan tərəfdə ovçunun şirlə mübarizəsi səhnəciyi, fil, tülkü və bitki ornamenti motivləri vardır.

Metaldan düzəldilmiş plastik sənət nümunələrimiz içərisində 1206-cı ilə aid edilən Şirvan lüləyini Ermitajın ən maraqlı eksponatlarından sayılır.

Sankt-Peterburq Dövlət Ermitajında metaldan düzəldilmiş plastik sənət nümunələri ilə yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Belə sənət nümunələri sırasına ilk növbədə VI - VIII əsrlərə aid edilən bürünc məcməyiləri daxil etmək lazımdır.

Ermitajda ilk orta əsrlərə aid edilən üç məcməyimiz vardır. Bunların ikisi süjet xarakterli təsvirlərlə bəzədilmiş, üçüncü isə sırf ornamental bəzəklidir.

Metaldan düzəldilmiş məişət əşyaları sırasına XIII - XIV əsrlərə aid edilən müxtəlif forma və bəzəkli bürünc qazanları da aid etmək olar.

Ermitajda nümayiş etdirilən qazanlarımız XIII - XIV əsrlərə aid olub öz həcmi, forması və bəzəkləri ilə diqqəti cəlb edirlər. Bu qazanlardan biri xüsusi ilə maraqlıdır.

Məlum olduğu kimi orta əsr Azərbaycan bədii sənətkarlığının ən inkişaf etmiş növlərindən biri keramika sənəti idi.

Dövlət Ermitajında bu xalq sənətimizin də bir çox gözəl nümunələri vardır. Burada saxlanılan keramika sənəti nümunələrimiz həm istifadə edilməsinə, həm də bir çox bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür.

Bunlardan birincisi məişətdə istifadə edilən saxsı məmulatları, ikincisi isə memarlıqda tətbiq olunan kaşılardır. Məişətdə istifadə edilən saxsı məmulatlarımızı vaxtı ilə Örən-Qalada (Goranboy rayonu) aparılan qazıntı işləri zamanı tapılmış bir neçə nümunəvi küp-nimçə, kasa və surahilər təmsil edir.

Dövlət Ermitajında keçmiş dövr memarlıq abidələrimizin bəzəyi sayılan kaşı nümunələri də nümayiş etdirilir. Bunların içərisində Qazıməmməd rayonunda Pirsaatçay üzərindəki Pirhüseyn xanəgahının kaşıları əsas yer tutur.

Dövlət Ermitajında Pirhüseyn xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları vardır.

Ermitajda saxlanılan toxuculuq sənətimizin əksəriyyətini xovlu xalçalar təşkil edir. Burada XVI əsrdən tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur xalça məntəqəlrində toxunmuş xalçalarımız saxlanılır.

Təbriz və Şirvanda toxunmuş nümunəvi Azərbaycan xalçaları muzeyin qiymətli incilərindən sayılır. Qurbanın Pirəbədil, Şamaxının Mərəzə kəndlərində toxunmuş xalçalarımız öz rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti daha çox cəlb edir. Şamaxı xalçasının üzərində onun 1881-1885-ci illərdə toxunduğunu bildirən yazı vardır.

Bundan əlavə Dövlət Ermitajında XIX əsrin ortalarında yaşamış görkəmli Azərbaycan sənətkarı, ornamentalist rəssam Mirzə Qədim İravaninin də sənətşünaslıq elminə az məlum olan nadir bir əsəri vardır.

Dövlət Ermitajında Azərbaycan şairi Nizami Gəncəvinin 1430-cu illərə aid olan "Xəmsə"si də mühafizə olunur. Bu nadir eksponat yalnız şairin beş poemasının ilk yazmalarından biri kimi deyil, həm də gözəl bir sənət əsəri kimi qiymətlidir.

Budapeşt muzeylərində Azərbaycan sənətkarlığı nümunələri. Macarıstanda olan Azərbaycana aid sənət nümunələri XX-ci əsrin 40-cı illərinə qədər şəxsi kolleksiyalarda saxlanırdı. Son 50-60 il ərzində bu nadir sənət nümunələri tədricən dövlət tərəfindən himayəyə götürülərək muzeylərdə cəmləşir. Hazırda Azərbaycana aid olan sənət nümunələrinin əksəriyyəti Budapeşt şəhərində yerləşən "Dekorativ sənətlər" və "Şərq incəsənəti" muzeyində mühafizə olunur.

Hazırda bu muzeylərdə Azərbaycanın 200-dən artıq xalq sənəti nümunəsi mühafizə olunur. Bunların içərisində xalça, parça, tikmə, metal və taxdadan düzəldilmiş bir çox bədii sənət nümunələri vardır.

Başqa xarici ölkə muzeylərində olduğu kimi, Budapeşt muzeylərində cəmləşən Azərbaycana aid sənət nümunələrinin əksəriyyətini xalçalar təşkil edir.

Burada saxlanılan Azərbaycan xalçaları müxtəlif vaxtlarda Bakı, Quba, Şamaxı, Şuşa, Qazax və Təbriz kimi məşhur sənət ocaqlarında toxunmuş xalçalardan ibarətdir.

Budapeşt "Dekorativ sənətlər" muzeyində nümayiş etdirilən XVIII əsrdə toxunmuş kiçik bir Qazax xalçası diqqəti cəlb edir.

Budapeşt muzeylərində müxtəlif vaxtlarda məşhur sənət ocaqlarımızda toxunmuş ornamental xalçalarla yanaşı, bir neçə orijinal kompozisiyalı süjetli xalçalarımız da nümayiş etdirilir.

Budapeşt muzeylərinin qiymətli incilərindən birini də müxtəlif vaxtlarda Azərbaycanda toxunmuş tikmələr təşkil edir. Burada saxlanılan tikmələrimiz ayrı-ayrı örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələrdən ibarətdir.

Bu növ sənət nümunələrimizdən biri olan XVI əsrdə Təbriz ustaları tərəfindən bəzədilmiş pərdə xüsusi bir maraq doğurur.

Budapeştin "Dekorativ sənətlər" və "Şərq incəsənəti" muzeylərində saxlanılan Azərbaycan sənətkarlığı nümunələri tək xalça və tikmə sənətimiz ilə bitmir. Burada nümayiş etdirilən metal, taxta və saxsıdan düzəldilmiş sənət abidələri də diqqəti cəlb edir.

Metaldan düzəldilmiş sənət abidələrinin əksəriyyətini silahlar (qılınc, xəncər) və bəzi məişət əşyaları (məcmeyi, satıl, çıraq) təşkil edir. Bu müxtəlif növlü metallardan (gümüş, mis, polad) düzəldilmiş XVIII - XIX əsrlərə aid edilən sənət nümunələri öz bədii və texnoloji xüsusiyyətlərinə görə Şirvan ustalarının əl işlərini xatırladır. Budapeşt muzeylərində yeganə bir taxta sənəti nümunəmiz vardır. O, da "Dekorativ sənətlər" muzeyində nümayiş etdirilən bədii rəhildir.

Amerika Birləşmiş Ştatlarında Azərbaycan sənətkarlığı nümunələri. Azərbaycan el ustalarının əl işlərinə xüsusilə Amerika Birləşmiş Ştatlarında daha çox təsadüf edilir.

Hazırda ABŞ-ın Vaşinqton, Nyu-York, Çikaqo, Los-Ancelos, Filadelfiya, Hyuston, San-Fransisko, Klivlend, Detroyt, Boston və başqa şəhərlərindəki muzey, bədii qalereya və şəxsi kolleksiyalarında yüzlərlə xalq ustalarımızın nadir əsəri vardır.

Burada saxlanılan sənət əsərlərimizin əksəriyyətini xalça, parça, bədii metal və saxsı nümunələri təşkil edir.

Tarix etibarı ilə ABŞ-da saxlanılan sənət əsərlərimiz içərisində ən qədimi metal məmutlarıdır.

Ən qədim metal sənəti nümunəmiz hazırda ABŞ-ın Nyu-York şəhərindəki Metropoliten və San-Fransisko şəhərindəki Asiya incəsənəti muzeyindədir.

Metopoliten muzeyində saxlanılan bədii metal sənəti əsərlərimiz içərisində ən maraqlısı Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII-əsrlərə aid edilən zərgərlik nümunələridir.

Bu sənət əsərləri içərisində qızıldan düzəldilmiş bir bilərzik öz bədii xüsusiyyət və icrasına görə bir çox dünya sənətşünaslarının diqqətini özünə cəlb etmişdir.

ABŞ-da orta əsrlərə aid edilən metal sənəti nümunələrimiz xüsusilə çoxdur. Bunlara Nyu-Yorkda Piyerpont Morqanın şəxsi kolleksiyasında saxlanılan XII-XIII əsrlərə aid edilən Naxçıvanda düzəldilmiş bürünc qabı, Cənab Hararinin şəxsi kolleksiyasında saxlanılan 703-cü il hicri tarixli yəni (1304-cü il) və üzərində "Olcayt Xudabəndə" sözləri yazılmış bürünc qabı və yenə həmin kolleksiyada saxlanılan istirlabl, Klivlend incəsənət muzeyində saxlanılan zəngin ornamental bəzəkli XII əsrə aid bürünc qabı və başqa nümunələri aid etmək olar.

Başqa xarici ölkə muzeyləri, əntiq mallar mağazası və şəxsi kolleksiyalarında olduğu kimi ABŞ-da da Azərbaycan sənətkarlığını ən çox xalça sənətimiz təmsil edir.

Hazırda bu ölkədə yurdumuzun əsas sənət mərkəzlərində toxunmuş minlərlə xovlu və xovsuz, ornamental və əla növlü xalça sənəti nümunələrimiz vardır.

ABŞ-da ən qədim Azərbaycan xalçaları Nyu-Yorkun Metropoliten muzeyində nümayiş etdirilir.

Bu tipli xalçalarımızdan birini nəzərdən keçirək.

Boston gözəl sənətlər muzeyində saxlanılan dairə formalı məxmər hissəsi öz üzərindəki təsvirləri ilə diqqəti daha çox cəlb edir.

Böyük Britaniyada Azərbaycan sənətkarlığı nümunələri. Xalqımızın nadir sənət nümunələri saxlandığı yerlərdən biri də Böyük Britaniyadır.

Bu ölkənin London, Birminqem, Qlazko, Liverpul, Mançester şəhərlərində yerləşən muzey, əntiq mallar mağaza və şəxsi kolleksiyalarında hazırda bədii xüsusiyyət daşıyan yüzlərlə sənət əsərimiz vardır.

Sənətkarlıq baxımından Azərbaycan ustalarının ən orijinal əsərləri hazırda Londonun Viktoriya və Albert muzeyində toplanmışdır.

Azərbaycana aid olan sənət nümunələri muzeyin Yaxın Şərq bölməsində nümayiş etdirilir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir.

Tarixi baxımından Viktoriya və Albert muzeyində toplanmış sənət əsərlərimiz içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır.

Viktoriya və Albert muzeyində saxlanılan xalq sənət nümunələrimiz içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: birinci qrupa XVI əsr Təbriz xalçaları, ikinci qrupa XVI-XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir.

Londonun xalça muzeyində 1892-ci ildə Qarabağda toxunmuş xalça nümayiş etdirilir.

Viktoriya və Albert muzeyində nümayiş etdirilən Təbriz xalçaları içərisində 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və elm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını xüsusilə qeyd etmək lazımdır.

Viktoriya və Albert muzeyində saxlanılan XVII-XIX əsr Azərbaycan xalçaları vaxtı ilə Qubada, Bakıda, Şamaxıda, Qazaxda və Qarabağda toxunmuşdur.

Başqa dünya muzeylərində olduğu kimi Viktoriya və Albert muzeyində də XVI-XVII əsrlərə aid bir çox bədii parça nümunələri vardır. Burada saxlanılan bədi parçalarımızın əksəriyyətini sujetli parçalar təşkil edir. Bunların da içərisində üç bədii parça xüsusilə diqqəti cəlb edir.

Fransada Azərbaycan sənətkarlığı nümunələri. Hazırda Fransada saxlanılan Azərbaycan sənətkarlığı nümunələrinin ən böyük qismini toxuculuq sənəti nümunələrimiz təşkil edir. Fransanın bir çox muzey və şəxsi kolleksiyalarında Azərbaycanın Şamaxı, Şəki, Gəncə, Naxçıvan və Təbriz kimi şəhərlərində toxunmuş yüzlərlə yüksək keyfiyyətli parçalarımız saxlanılır. Bunlar içərisində XVI-XVII əsrlərə aid edilən süjetli parçalarımız xüsusi yer tutur.

Parisin Dekorativ sənətlər muzeyində nümayiş etdirilən süjetli parçalarımız içərisində biri xüsusilə diqqəti cəlb edir.

Parisin Dekorativ sənətlər muzeyində XVI əsrə aid edilən uzunu 26 sm, ölçüdə olan yenə bir orijinal suüetli parçamız vardır.

Fransada olan toxuculuq sənətimiz örnəklərindən bəhs edərkən bu ölkənin zəngin muzey kolleksiyalarında nümayiş etdirilən xalçalarımızı xüsusilə qeyd etmək lazımdır. Hazırda Azərbaycanın həm bədii, həm də texnoloji cəhətdən ən dəyərli xalçaları Parisin Dekorativ sənətlər və Luvr muzeyindədir.

Parisin Dekorativ sənətlər muzeyində saxlanılan xalçanın birinə nəzər salaq.

Hazırda dünyanın ən zəngin muzeylərindən sayılan bu mədəniyyət ocağında yuxarıda qeyd etdiyimiz toxuculuq sənətimizdən başqa yüzlərlə saxsı, kaşı və bədii metal nümunələrimiz saxlanılır.

Luvr muzeyində bir neçə ədəd çox nadir sayılan gümüş, mis və bürüncdən düzəldilmiş bədii metal sənəti nümunələrimiz də vardır. Bunların içərisində bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab xüsusilə diqqəti cəlb edir. Bu sənət əsəri hazırda Luvr muzeyinin birinci mərtəbəsində Şərq incəsənətinə aid edilən salonun tən ortasında, üstə şüşə kolpak keçirilmiş hündür bir kətil üstə nümayiş etdirilir.

Uzun dimdikli quşa bənzər bu bürünc qabın orijinallığı tək onun formasında deyil, həm də bəzəklərindədir. Qabın üzərindəki bəzəklər üç müxtəlif ölçülü qurşaqlardan və onların aralarındakı boşluqlarda yerləşdirilmiş medalyonlardan ibarətdir.

Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş nəbati ornament ünsürlərindən və yazı nümunələrindən quraşdırılmışdır. Bu yazıların birində onu yaradan ustanın - Osman Salman oğlu Naxçıvanın adı verilmişdir.

İsveçrədə Azərbaycan sənətkarlığı nümunələri. Bern, Çenevrə, Surix, Bazel, Lozonna şəhərlərindəki muzeylərdə, şəxsi kolleksiyalarda və əntik mallar mağazalarındakı sənət örnəklərimiz Azərbaycan incəsənəti tarixinin gözəl bir səhifəsi sayıla bilər.

Bern tarix muzeylərində Avropa və Amerika maddi-mədəniyyəti ilə yanaşı, Azərbaycan sənətkarlığının da bir çox gözəl nümunələri nümayiş etdirilir.

Muzeyin ekspozisiyasının mərkəzini göy və qırmızı rənglər vəhdətində stilizə edilmiş, ornament motivləri ilə toxunmuş böyük bir mafraş və onun altına sərilmiş kilim təşkil edir. Bu toxuculuq sənəti nümunələrinin yanında böyük bir etiketdə alman dilində onun XVIII əsrdə Azərbaycanda toxunduğu qeyd olunmuşdur. Bədii və texnoloji xüsusiyyətlərinə görə Qarabağ xalçalarının icra üsulunu xatırladan bu el sənəti nümunəsi Şərq incəsənəti şöbəsinin ən gözəl eksponatlarından sayılır.

Bern tarix muzeyində saxlanan maraqlı xalçalardan biri də 1830-cu ildə Qubada toxunmuş "Qollu çiçi" xalçasıdır.

XVIII-XIX əsrlərdə Şamaxı, Göyçay, Gəncə, Şəki, Bakı, Təbriz, Ərdəbil şəhərlərində düzəldilmiş xəncər, qılınc, tapança və barıt qabları tamaşaçıların diqqətini xüsusilə cəlb edir. Say etibarı ilə Bern tarix muzeyində Şirvan ustalarının adı ilə bağlı əsərlər üstünlük təşkil edir.

Muzeydə nümayiş etdirilən silahlarımızın bədii tərtibatları arasında biz təkcə nəbati, həndəsi naxışlara, heyvanat aləmindən götürülmüş rəsmlərə deyil, həm də kiçik məzmunlu süjet xarakteri daşıyan kompozisiyalara rast gəlirik.

Yeri gəlmişkən bu silahların müxtəlif biçimli naxışları arasında arabir təsadüf edilən ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında da danışmaq lazımdır. Onlar mahir sənətkar əli ilə əşyada olan naxış və rəsmlər arasında elə bacarıqla yerləşdirilmişdir ki, gözəl bəzəyi andırır, ümumi kompozisiyanın qırılmaz hissəsini təşkil edir. Bu yazılar bəzəkdən savayı həm də qiymətli tarixi məxəzlərdir. Məsələn, döymə, qarasavad üsulu ilə bəzədilmiş gözəl bir gümüş barıt qabı üzərində biz "Şamaxılı Seyidzadə" (inventar № 832), qundağı və lüləsinin yatağa bərkidilən yerləri qara savadla naxışlanmış gümüş hissəciklərlə örtülən tapança üzərində isə "əməli Əli" (inventar № 766), dəstəyi fil sümüyündən, tiyəsi nəbati ornament motivləri ilə bəzədilmiş, 38,2 sm, uzunluğunda olan kiçik bir xəncər üzərində "əməli Məhəmməd Ərdəbili" (inventar № 1178) sözlərini, uzunluğu 51,1sm, tiyəsi əyri bir xəncərüzərində isə həm sənətkarın, həm xəncər sahibinin adını oxuyur.

Bern tarix muzeyində saxlanılan Azərbaycan silahları üzərində "Bakı", "Quba", "Əməli Səməd", "Ömər" sözlərinə və digər adlara da rast gəlirik.

Bundan əlavə Bern tarix muzeyinin Şərq bölməsində XVIII-XIX əsrlərdə xalqımızın məişətində geniş istifadə edilən miss ev avadanlıqları nümunələri də vardır. Bu orijinal formalı mis qab-qacaqlarımız muzeyin divarına bənd edilmiş böyük bir stentdə taxçanı andıran çərçivələr içərisində nümayiş etdirilir.

Almaniya Federativ Respublikasında Azərbaycan sənətkarlığı nümunələri. Almaniya Federativ Respublikasında Azərbaycan el sənətkarlığını yeganə bir növ xalça sənətimiz təmsil edir.

Hazırda Bonn, Hamburq, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn, Manheym və s. şəhərlərdə yerləşən muzey, əntiq mallar mağazalarında və şəxsi kolleksiyalarda minlərlə xalça sənəti nümunələrimiz saxlanılır.

Bu ölkədə adi kütləvi xarakter daşıyan xalçalarımızla yanaşı, yüzlərlə müxtəlif əsrlərdə yurdumuzda toxunmuş çox nadir sayılan nümunəvi xalçalara da rast gəlmək olur.

Orijinallıq baxımından 1960-cı ildə Münxen şəhərindəki əntiq mallar mağazasında nümayiş etdirilən XVIII əsr Qazax xalçası da diqqəti cəlb edir.

Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif tərəfə ayrılan svastikasını andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə "Damğalı" adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ-tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik.

Türkiyədə Azərbaycan sənətkarlığı nümunələri. Türkiyə şəhərləri içərisində Azərbaycanın dekorativ-tətbiqi və təsviri sənət nümunələri ən çox İstambulda cəmlənmişdir. Türkiyə şəhərləri içərisində Azərbaycanın dekorativ-tətbiqi və təsviri sənət nümunələri ən çox İstambulda cəmlənmişdir.

İstambulda Azərbaycan sənətkarlığının ən qədim və gözəl nümunələri əsasən üç böyük muzeydə cəmlənmişdir. Bunlar Topqapı sarayı muzeyi, Türk və İslam əsərləri muzeyi və Xalqı muzeyidir.

İstambul muzeylərində saxlanılan sənətkarlıq nümunələrimiz içərisində say etibarilə ən görkəmli yeri müxtəlif metallardan (qızıl, gümüş, polad, miss və s.) düzəldilmiş ev əşyaları, zərgərlik nümunələri və silahlar təşkil edir.

Metaldan düzəldilmiş sənətkarlıq nümunələrimiz içərisində İstambulun Topqapı sarayı muzeyində saxlanılan qızıl kəmər xüsusilə diqqəti cəlb edir.

Topqapı sarayı muzeyində saxlanılan 1528-ci il tarixli polad başlıq da orta əsr Azərbaycan zərgərliyi haqda təsəvvür verən qiymətli abidələrdən sayılır.

İstambulun muzeylərində saxlanılan metal sənəti nümunələrimiz sırasına vaxtı ilə Təbriz və Ərdəbildə düzəldilmiş bürünc ələmləri də daxil etmək olar. Bürünc ələmlər keçmişlərdə məscid, mədrəsə kimi tikinti və minarələrin təpəliklərinə sancılaraq dini bir mahiyyət kəsb edirdi. Ələmlərin gövdə hissəsi tikintilərin təpəsindəki qutaracağa taxıldığı üçün içərisi boş, üzəri isə bəzəksiz olurdu.

Ələmlərin ən gözəl hissəsini onların yuxarı qurtaracağı təşkil edir. Elə bil mahir zərgər əlindən çıxmış ələmlərin bu hissəsində həm dini xarakter daşıyan yazılar, həm də rəmzi mahiyyətli təsvirlər verilirdi. Hazırda Türkiyəmuzeylərində saxlanılan ələmlərimiz əsasən iki biçimdədir: buynuz və armudvarı şəkildə. Onların bəzilərinin üzərində bədii bir səpgidə işlənmiş Allah, Məhəmməd, Əli sözlərinə, başqalarında isə rəmzi mahiyyətli təsvirlərə rast gəlirik.

Türkiyə muzeylərində Azərbaycan toxuculuq sənətinin də bir çox nadir nümunələri saxlanmaqdadır. Bunlardan vaxtı ilə Şamaxıda, Gəncədə, Şəkidə, Şuşa və Təbrizdə istehsal olunmuş parçaları, bədii tikmələri və xalçaları xüsusi qeyd etmək lazımdır.

Hazırda Türkiyə muzeylərində parça və tikmə sənətimizi təmsil edən bir neçə yüksək səviyyəli əsərlərimiz vardır ki, bunlar da əsas etibarı ilə İstambulun Topqapı sarayı muzeyində cəmlənmişdir. Bu görkəmli muzeydə saxlanılan parça və tikmə sənətimiz içərisində ikisi xüsusilə diqqəti cəlb edir. Onlardan biri XVI əsrə aid sujetli parça tikəsidir, o birisi isə gülbətin tikməli xələtdir.

Dünya miqyasında geniş şöhrət tapmış Azərbaycan xalçaları da Türkiyə muzeylərinin gözəl incilərindən sayılır.

Azərbaycan xalçaları Türkiyədə dörd böyük muzeydə cəmlənmişdir. Bunlar İstambulda Türk və İslam əsərləri muzeyində, Topqapı sarayı muzeyində və Xalça muzeyində, Koniya şəhərindəki Mövlanə muzeyindədir.

Türkiyədə saxlanılan ən qədim Azərbaycan xalçası XIII əsrə aiddir. Uzunu 254, eni 170 sm, ölçüdə olan bu nadir toxuculuq sənəti əsəri türk sənətşünaslarının verdiyi məlumatlara görə əvvəllər Beyşəhərdə Əşrəf oğlu camesinin nəzir verilmiş xalçalarından olmuşdur. 1932-ci ildə isə Koniya şəhərindəki Mövlanə muzeyinə gətirilmişdir.

Türkiyədə saxlanılan orijinal sənətnümunələrimiz sırasına İzmirdə arxeoloji muzeydə nümayiş nümayiş etdirilən mürəkkəb boyalı vazı da aid edə bilərik.

İran muzeylərində Azərbaycan sənətkarlarlığı nümunələri. Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur.

Bu baxımdan ölkənin paytaxtı Tehran şəhərində yerləşən Basitan, Gülüstan, Arxeoloji və xalça muzeyinin eksponatları xüsusilə diqqəti cəlb edir.

Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən sənət abidələrimiz içərisində Həsənli təpəsindən tapılmış bədii metal məmulatları xüsusilə diqqəti cəlb edir.

Həsənli təpəsi İran Azərbaycanın Sulduz mahalında yerləşir. Gözəl təbii şəraitə malik olan bu məntəqəhələ eramızdan min il əvvəl Yaxın Şərqdə zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. Mənbələr göstərir ki, Böyük Midiya dövlətinin tərkibinə daxil olan Manna tayfası vaxtilə bu ərazidə yaşamışdır. 1956-1957-ci illərdə Həsənli təpəsindən tapılmış sənət abidələri içərisində hazırda Tehranın Arxeoloji muzeyində nümayiş etdirilən qızıl cam dünya alimlərinin diqqətini xüsusilə özünə cəlb etmişdir.

Aşağıdakı cərgədə də diqqəti cəlb edən bir çox səhnəciklər vardır. Burada başına ilan dolanmış ovçu, onun yanında iki qoç üzərində dayanmış lüt qadın, üçbaşlı əjdahanın caynağından xilas olunmaq üçün əllərini kənarda dayanmış pəhləvana uzadan bir kişi təsvir edilmişdir. Bu səhnəciklər camın orta hissəsində yerləşmişdir. Camın nisbətən aşağı hissələrində kiçik səndəldə oturmuş qoca bir kişi təsvir olunmuşdur. Bir qadın onun qarşısında duraraq, kiçik yaşlı uşağı ona tərəf uzadır. Bu səhnənin üstündə üzü səndələ tərəf olan kişi əlində naməlum qab tutaraq dayanmışdır. Yuxarıda bəhs etdiyimiz şəkillərdə başına ilan dolanmış ovçu təsviri arasında üç başqa rəsm də vardır.

Azərbaycan mədəniyyətinin bu dövrlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqəsini Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII - VII əsrlərə aid olan qızıl döşlük də əyani şəkildə təsdiq edir.

İran muzeylərində Azərbaycanda toxunmuş xalçalar da saxlanılır. Bunların içində Qubanın Pirəbədil kəndində toxunmuş xalçanı qeyd etmək olar.

FOTOQALERIYA