SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

PAŞİNYANIN “ASMA KÖRPÜSÜ”… – Daha nə etsinlər ki, biz qeyrətə gələk?!…

06 Avqust 2019 [20:12]
Deyəsən, artıq ermənilərin başında duranlar bizim səbrimizə, dözümümüzə məəttəl qalıblar. Gah Şuşada işğalı bayram edirlər, yallı gedirlər, gah Laçında qol götürüb oynayırlar, gah Zəngilanda hansısa çal-çağır təşkil edirlər, amma xeyri yoxdur, dağdan, daşdan səs çıxır, bizdən yox…

Bizi ayıltmaq üçün son cəhdləri isə Paşinyanın Xankəndinə ötən gün baş tutan səfəri oldu. Bizim hökumət üzvləri əsasən haram pullarla tikilən bahalı şadlıq saraylarında sındıra-sındıra rəqs edəndə, bu adam başının dəstəsilə, öndə də müdafiə naziri olmaqla, Laçındakı asma körpünü bizim "Köçəri” havasına oynaya-oynaya keçdi. O asma körpüdən ki, əslində bizlər torpaqlarımızı işğal edənləri onun "troslarından” çoxdan asmalı idik. Bunu edə bilməyəndə isə özümüz asılmalı idik!

Bundan əvvəl Şuşada yallı gedən bu artist, yəqin növbəti dəfə də Kəlbəcərdə, Qubadlıda və digər rayonlarımızda "şou” göstərəcək, rayon bir deyil, iki deyil… Arxayındır, bilir ki, biz yenə də "təxribata uymayacağıq”…

Adam Şuşada bir daha Azərbaycana, 25 ildir dilimizdən düşməyən "torpaqları sülh yolu ilə qaytarmaq” istəyimizə, illərdir yolunu gözlədiyimiz "lazıma”, Minsk Qrupuna və s. açıq-aşkar meydan oxudu və dedi ki, bütün danışıqların, görüşlərin, diplomatik addımların bir məqsədi var – Qarabağı Ermənistana birləşdirmək! Daha bundan artıq nə desin, nə bəyan etsin, nə təhər başa salsın ki, 25 yox, daha 250 il də gözləsəniz, sizə heç kim öz xoşu ilə torpaq qaytarmayacaq!

Paşinyanın bu bəyanatından sonra daha nə danışıq? Bundan sonra kim, hansı beynəlxalq təşkilat, iqtidar, müxalifət, deputat və sair, danışıqdan, kompromisdən danışacaqsa, deməli, Azərbaycan xalqının başına torba hörür!

Görünən budur ki, Paşinyan Azərbaycan dövlətini və xalqını təhqir etməkdə, aşağılamaqda, ona meydan oxumaqda özündən əvvəlkiləri – Köçəryanı və Sarkisyanı əməlli başlı kölgədə qoyub. Nümayişkəranə şəkildə oğlunu Qarabağa hərbi qulluğa göndərdi, acıq verə-verə, qıcıq yaradaraq Şuşanın işğalı günündə Cıdır düzündə yallı getdi, müdafiə naziri nəinki torpaqları qaytaracaqlarını, əksinə, Azərbaycanın yeni ərazilərini işğal edəcəklərini söyləyəndə ona dəstək durdu, Qarabağın qondarma rejiminin danışıqlara tərəf kimi qatılmalı olduğunu, əks təqdirdə danışıqların mənasız olacağını bildirdi. Sadalamadığımız daha nələr-nələr… Onun hər bir addımı Azərbaycana acıq, göz dağı verməkdir və bu qələtləri nə Qarabağda şəxsən döyüşmüş Köçəryan edib, nə də Sarkisyan.

Bəs biz bütün bunlara, Paşinyanın son həyasızlıqlarına nə ilə cavab veririk, ümumiyyətlə veririkmi? Yaxşı, hərbi, top-tüfəngi, tankı, təyyarəni bir yana qoyaq, heç olmasa sözdə də olsa bu açıq-aşkar həyasızlığa, xalqa, dövlətə qarşı təhqirə lazımınca cavab verən yoxdur – rəsmi qurumların "dişsiz” bir-iki bəyanatını çıxmaq şərtilə ölkənin bütün siyasi elitası sayılanlar, iqtidarlı-müxalifətli, ağzına su alıb, oturub! Yenə sağolsun, Elmar Məmmədyarovun "obyekti” heç olmasa, daha bir "dejurnı” bəyanat verdi…

Mətbuatımız da ki, "Putin Paşinyanı hədələdi”, "Paşinyanın Qarabağı qaytarmaqdan başqa yolu qalmadı”, "Paşinyan üçün kritik məqam”, "Paşinyan üçün təhlükəli gəlişmə…” kimi gic-gic başlıqlarla xalqın başının altına yastıq qoymaqla məşğuldur…

Erməni hökuməti Xankəndidən, Şuşadan bizə meydan oxuyanda, səfərbər olduqlarını deyəndə, Qarabağı Ermənistana birləşdirəcəklərinə dair bəyanlar, çağırışlar edəndə, bizimkilər görün nə çağırışlar edir – Baş nazirin müavini, YAP-ın icraçı katibi Əli Əhmədov partiya üzvlərini, hakimiyyəti dəstəkləyənləri, "bütün milli qüvvələri” müxalifətə qarşı səfərbərliyə, "müxalifət adı altında anti-milli cəbhənin yaranmasının qarşısının alınması”na, onlara "tutarlı cavab verməyə” çağırır! 25 İLLİK İŞĞALA, PAŞİNYANIN HƏYASIZLIĞINA QARŞI SƏSSİZ QALANLAR MÜXALİFƏTƏ QARŞI SƏFƏRBƏRLİYƏ ÇAĞIRIŞ EDİR! Elə buradan görünür ki, kim nə haydadır və Qarabağı kim daha çox özününkü bilir…

Yeri gəlmişkən, bir neçə gün əvvəl iqtidarla müxalifət, konkret desək, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla, AXCP sədri Əli Kərimli arasında "kim daha çox qorxaqdır, cəsarətsizdir” (Fikir verin, kim daha cəsurdur, qorxmazdır yox ha, kim daha çox qorxaqdır! – red.) mövzusunda bir polemika yaşanmışdı. Tərəflər ünvanlı hücuma keçərək bir-birini qorxaqlıqda, fərarilikdə ittiham etdilər. Bu ittihamların kökü isə 90-cı illərin əvvəllərinə, müharibə getdiyi illərə, günlərə dayanırdı. Əli Həsənov yazdı ki, Surət Hüseynov Bakıya doğru gələndə Əli Kərimli Prezident Aparatından köməkçisinin arxasında gizlənərək qaçıb. Əli Kərimli isə cavab verdi ki, o, əlində silah Qarabağda döyüşəndə Əli Həsənov haradasa gizlənmişdi. Lakin az sonra şahidlər ortaya çıxdı və məlum oldu ki, Əli Həsənov Qarabağda nə qədər "döyüşübsə”, Əli Kərimlinin "şücaəti” də elə bir o qədərdir – yəni bu məsələdə hər ikisi sussa, daha yaxşıdır!
Elə bizim bədbəxtçiliyimiz də ondadır ki, iqtidarlı-müxalifətli, siyasi elitamız başdan-başa dar günündə əldə silah Vətəni müdafiə etməyənlərdən ibarətdir! Ermənistandan fərqli olaraq. Ermənilərin öndə gedənləri əldə silah, hərəsi bir hərbi birləşmənin başında Azərbaycanın 20 faiz torpağını işğal etdikdən sonra siyasətə atılıb, bu qələbənin siyasi vasitələrlə rəsmiləşdirmək istədikləri halda, bizim elitamız həmin ağır günlərdə Bakıda "döyüşməyi” üstün tutanlardan təşkil olunub! 25 ildir torpaqlarımızın işğal altında qalmasının və bu gün paşinyanların, tonoyanların azğınlaşmasının ən əsas səbəbi də məhz bu acı reallıqdır ki, AZƏRBAYCAN SİYASƏTİNDƏ, ƏLƏLXÜSUS DA HAKİM ELİTASINDA BİRCƏ NƏFƏR DƏ OLSUN QARABAĞDA DÖYÜŞMÜŞ ADAM YOXDUR!

Ona görə də ermənilər arxayındırlar – nəinki Qarabağda, hətta ətraf rayonlarda da məskunlaşır, evlər tikir, yol çəkir və üstəlik, Azərbaycanı yeni ərazilərin işğalı ilə hədələyirlər! Biz isə sadəcə susuruq – çünki görürük ki, "kim daha çox qorxaqdır” mübahisəsini aparan bu siyasətçilərin "ipi ilə quyuya enmək” intihardan başqa bir şey deyil. Vətən torpaqları hissə-hissə işğal olunanda gənc, sağlam və enerjili olmasına baxmayaraq, əlinə silah alıb döyüşməmiş adamın həmin vaxt və ya sonradan siyasətə atılıb bu xalqa verə biləcəyi xeyir, mahiyyətcə, Əzrayılın bala paylaması hadisəsindən uzağa gedə bilməz!

Məsələn, bu gün iqtidarı Qarabağ uğursuzluğuna görə gen-bol tənqid edənlər, onu bacarıqsızlıqda, bəzən hətta xəyanətdə ittiham edənlər – müxalifət liderləri. Hansı müharibədə döyüşçü, komandir kimi iştirak edib? Demək olar heç biri! AXCP sədri Əli Kərimli haqda yuxarıda danışdıq, bəli, hərbi formada əlində silah çəkilmiş bir neçə fotosu var. Lakin hamımız çox yaxşı bilirik ki, hörmətli Əli Kərimli Qarabağda döyüşməyib, müharibənin qızğın çağlarında 27 yaşlı gənc olmasına baxmayaraq, Bakıda hakimiyyət uğrunda mübarizəni Qarabağda torpaq uğrunda mübarizədən, məsələn, batalyon komandiri olub, müəyyən bir bölgənin müdafiəsini təşkil etməkdən üstün tutub.

Qarabağda aktiv döyüşlər başlayanda İsa Qəmbər 33-34 yaşlı gənc olub. O da milli-azadlıq hərəkatının öndərlərindən biri kimi topladığı böyük nüfuzunu Qarabağın müdafiəsinə, yəni hərbi təşkilatlanmaya sərf etməyə lüzum görməyənlərdəndir. Hörmətli İsa bəy həmin illərdə bütün enerjisini Müsavat partiyasının bərpasına və beləliklə də hakimiyyət uğrunda mübarizəyə sərf etməyi üstün tutanlardandır.

Milli-azadlıq hərəkatının daha bir lideri – milyonların sevimlisi olan 37 yaşlı Etibar Məmmədov da birlik komandiri kimi şəxsən Qarabağ döyüşlərində iştiraka lüzum görməyənlərdəndir. Ordunun silah təminatı sahəsində müəyyən xidmətləri olsa da…

45 yaşlı zavod direktoru olan Rəsul Quliyev, deyilənə görə Qarabağa maddi yardım edib, amma heç olmasa rəhbərlik etdiyi zavodun minlərlə işçisi arasından 300 nəfərlik bir batalyon yaradıb, bu birləşmənin başında Qarabağa yollanmağa ehtiyac hiss etməyib. Halbuki, nizam-intizamlı və təminatlı belə bir batalyonla Şuşanı çox asanlıqla işğaldan qorumaq olardı.

İndi asıb-kəsməyinə baxmayın, müharibənin ən qaynar vaxtlarında 22-23 yaşlı gənc olan İlqar Məmmədov da əlinə bir avtomat götürüb erməni gələn tərəfə bir güllə atmayıb.

35 yaşlı Pənah Hüseynovun, 30 yaşlı Arif Hacılının, 36 yaşlı Mirmahmud Fəttayevin, 36 yaşlı Sərdar Cəlaloğlunun və digər o vaxtın milli-azadlıq hərəkatı, indinin müxalifət liderlərinin Qarabağ döyüşlərindəki "qəhrəmanlıqları” haqda isə uzun-uzadı danışmağa ehtiyac yoxdur, hamı çox yaxşı bilir.

Bəs iqtidarda olanlar? 37 yaşlı Oqtay Əsədovun, 39 yaşlı Əli Əhmədovun, 31 yaşlı Kəmaləddin Heydərovun, 32 yaşlı Əli Həsənovun, 33 yaşlı Fuad Ələsgərovun, 23 yaşlı Siyavuş Novruzovun, 38 yaşlı Mübariz Qurbanlının, 40 yaşlı Ziya Məmmədovun, 28 yaşlı Fazil Məmmədovun, 43 yaşlı Novruz Məmmədovun və digərlərinin qarşısını nə kəsib ki, ələ silah alıb düşmənin qarşısına çıxmayıblar?

Bu siyahını, əlbəttə ki, xeyli uzatmaq da olar. Və adı çəkilənlərdən kimlərsə deyə bilər ki, bu və ya digər formada o günlərdə Qarabağda olublar, nəsə ediblər, bəlkə də iddia edəcəklər ki, hətta guya döyüşüblər də. Ancaq hamısı yalandır! Heç birinin burnu da qanamayıb! Babəkin dediyi kimi: "Amma Babəkin oğlu sağ-salamat qaldı?”…

Qısası, vəziyyətimiz ağırdır. İtirdiyimiz torpaqlarımız hər gün bizdən biraz da uzaqlaşır. Belə qorxaq və korrupsiyalaşmış siyasətçilərlə çətin ki, biz vəziyyəti dəyişə bilək…

Cəlal MƏMMƏDOV
AzPolitika.info