SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bakıya gələn hər idmançı hər gün 90 avro ödəyəcək

21 Iyul 2019 [14:21]

Nazir Avropa Gənclər Yay Olimpiya Festivalının pərdəarxasından söhbət açdı


BAKI, 21 iyul – Sputnik. XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin (AOK) Prezidenti Yanes Koçyançiç, baş katib Raffael Panyozzi və AOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsindən qürur duyduğunu ifadə edən Azad Rəhimov bildirib ki, 48 ölkənin idmançıları 7 gün ərzində mükafatlar uğrunda mübarizə aparacaqlar: "Bakı daha bir mötəbər yarışa ev sahibliyi edir. Yarışları qəbul edəcək bütün idman obyektləri, Atletlər kəndi, bütünlükdə Bakı bu Festivala tam hazırdır".

Nazir vurğulayıb ki, Bakı-2019 atletlərdə, idman həvəskarlarında, jurnalistlərdə unudulmaz anlar, xoş xatirələrlə iz buraxacaq: "345 media nümayəndəsi yarış üçün akkreditasiyadan keçib. Bu media nümayəndələri 22 ölkəni təmsil edir. Açılış mərasiminə 6750 bilet satılıb. Bilet demək olar ki, qalmayıb. Təəssüf ki, bəzi arenalarda oturacaqların sayı azdır. Amma yarışı izləmək istəyənlər çoxdur".

A. Rəhimov deyib ki, Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir: "Buraya gündə 3 dəfə yemək və qalmaq daxildir. Nəqliyyat, uçuş məsələsini isə komandalar özləri həll edir".

Nazir Azərbaycanın uğur qazanan yeniyetmə idmançılarının böyüklərin mübarizəsində yüksək nəticə əldə edə bilməməsinin səbəblərini də açıqlayıb: "Yeniyetmənin böyüklərin səviyyəsinə çatması üçün illər keçməlidir. İdmançı 9-8 ildən sonra zədə ala bilər. Bu çox uzun zamandır. Məqsədimiz odur ki, medal qazananları izləyək. Onlara tam şərait yaratmaq lazımdır. Onların böyüklərin mübarizəsində uğur əldə etməməsi bizi də çox narahat edir. İnanıram ki, istedadlı idmançılar gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər".

Qeyd edək ki, bu gün saat 20:00 da Bakı Kristal Zalında Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək. Yarış iyulun 27-də yekunlaşacaq.

Festivalda atletlər idmanın 10 növü – idman gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.