SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

”Ərin siyasi məhbusdur, sizə sosial yardım düşmür”

20 Iyul 2019 [17:47]

MQCMİ-nin məhkəmənin sorğusuna cavabı: ”Bu idarədə heç kimə işgəncə verilməyib”

"Gəncə işi”ndə növbəti qrupun şikayəti üzrə Apelyasiya Məhkəməsində proses davam etdirildi. Məhkəmənin saat 14.00-da başlanacağı elan olunsa da, sonradan prosesin 14.30-da keçiriləcəyi deyildi. Ancaq proses bundan 1 saat sonra – yalnız 15.30-da başladı. Hakim bildirdi ki, bugünkü prosesdə dövlət ittihamçısı dəyişib. Hakimlər heyətinin tərkibinin elan olunması istənilsə də, sədrlik edən buna ehtiyac olmadığını dedi:

"Tərkib dəyişməyib, əvvəlki heyətdir, qabaqkı iclasda hakimlər kollegiyası elan olunub, daha ehtiyac yoxdur”.

"Üzümüzə duran polislər məhkəməyə gətirilsin”

Sonra o, ötən iclasda qaldırılan işgəncə faktları ilə bağlı vəsatətlər barədə məlumat verdi. Bildirdi ki, ötən iclasda işgəncə ilə bağlı adı çəkilən qurumlara göndərilən sorğulara alınan cavablarla proses iştirakçılarını tanış etmək istəyir. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən yazıblar ki, bu idarədə heç kimə işgəncə verilməyib. Eyni zamanda vurğulayıblar ki, burada kiməsə işgəncə verilməsi ilə bağlı onlara şikayət də daxil olmayıb. Növbəti cavab Gəncə şəhər Nizami rayon Polis İdarəsindən gəlib. Onlar da həmin idarədə heç kimə heç bir işgəncə verilmədiyini bildirib.

Ədalət sorağında olan məhkəmənin növbəti sorğu yolladığı ünvan Bakı İstintaq Təcridxanası olub. Bu qurumdan cavab bir qədər fərqli, daha doğrusu, ikibaşlı olub. Onlar 7 məhbusun hər biri ilə bağlı ayrı-ayrılıqda informasiya veriblər ki, bu adamlar təcridxanaya gələn kimi həkim müayinəsindən keçib və onların heç birində yeni xəsarət izləri aşkar edilməyib. Hakim sözünü bitirər-bitirməz məhbuslar yer-yerdən cavab verdilər ki, onlar həmin təcridxanada müayinə olunmayıb. Valideynlər də etiraz etdilər, övladlarına ağır işgəncələr verildiyini bildirdilər. Məhbuslardan biri dedi ki, onları Gəncə türməsində 10-15 gün saxlayandan, yaraları sağalandan, işgəncə izləri itəndən sonra Bakıya gətiriblər.

Məhbuslar tələb etdilər ki, onların üzünə durub şahidlik edən polislər də məhkəməyə gətirilməli, dindirilməlidir. Vəkillərdən biri dedi: "Təqsirləndirilən şəxslərin əleyhinə ifadə verən şahidlər dindirilməlidir, bunu tələb etmək də təqsirləndirilən şəxslərin hüququdur, Azərbaycanın qoşulduğu Avropa Konvensiyası da bunu deyir”.

”Burda bizə göstərilən videofakt deyil, multfilm idi”

Məhbus Elvin Əliyev polisə müqavimət ittihamıyla həbs edildiyini, ancaq bunun saxta olduğunu, heç kimə müqavimət göstərmədiyini dedi. Bundan başqa, guya onlar 3 nəfər birlikdə plan qurublar, ancaq bunu saxta ittiham saydığını, əslində bir-birlərini tutulduqdan sonra tanıdıqlarını dedi. Hakimin videogörüntülərlə ittihamın təsdiqini tapmasını deməsini isə vəkillərdən biri etirazla qarşıladı:

– Möhtərəm hakim, burda bizə göstərilən videofakt deyil, multfilm idi.

Dövlət ittihamçısının anlaşılmayan çıxışı da vəkillərin etirazına səbəb oldu.

"Ərin siyasi məhbusdur, sizə sosial yardım düşmür”

Məhbus Alim Yusifovun anası hakimə müraciət edib oğlunun siyasi məhbus olmaması barədə arayış istədi. Hakim arayış məsələsini aydınlıq gətirməsi üçün onun yanına çağırdı. Qadın bildirdi ki, oğlunun həyat yoldaşı xəstədir, 2 uşağını dolandıra bilmir, bu səbəbdən Şəmkir rayon Sosial Müdafiə Mərkəzinə gedib yardım istəyib. Orada bildiriblər ki, ərin siyasi məhbusdur, sizə sosial yardım düşmür.

Məhbus İsa Məhərrəmzadənin anası isə deyir ki, oğlu 2 ay atasının adı ilə yatıb. Belə ki, onu Yunis İsa oğlu Məhəmmədzadə kimi həbs ediblər. Yalnız 2 aydan sonra dəqiqləşmə aparıblar. Sonda da 7 il 6 ay iş veriblər.

Qalmaqallı keçən proses yarımçıq qaldı. Növbəti məhkəmə iclası avqustun 2-də davam edəcək.

Sonda öyrəndik ki, iclasa sədrlik edən hakim Teyyub Muxtarovdur.

Şikayətçilər Yavər İsmayılzadə 9 il, Zabil Məmmədov 8 il 6 ay, Qənbər Qarazadə 7 il 6 ay, Elvin Əliyev – 6 il ay, İsa Məhərrəmzadə – 8 il, Aydın Rüstəmov – 6 il, Alim Yusifov – 7 il 6 ay iş alıb.

Sozcu.az