SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Ən çox sevilən xəmir yeməklərimizin resepti

22 Dekabr 2017 [22:43]
Tərkibi:
Xəmir üçün:
2 ½ fincan ələnmiş un (əlavə olaraq yoğurmaq və yuxa yaymaq üçün də un götürülür)
½ çay qaşığı duz
1 yumurta
1 fincan su (otaq tempraturunda)

Ləvazimatlar:
Yuxayayan lövhə, uzun oxlov, iti bıçaq
Xəngəlin üzərinə qoymaq üçün:
¼ fincan yağ (əgər ət yağsızdırsa yağ daha çox istifadə oluna bilər)
450-500 qram qiymələnmiş mal yaxud qoyun əti
1 orta boy baş soğan (xırda doğranmış,təxminən 1 fincan)
Duz, istiot

Əlavə:
Zövqə görə (az-çox ola bilər) əridilmiş yağ, sarımsaqlı qatıq

Hazırlanması:
Xəmirin hazırlanması: böyük bir qaba un,duz tökülüb qarışdırılır. Unun ortasında yuva açılır,yumurta sındırılıb yuvaya əlavə olunur. Az-az su tökülüb hamısı birlikdə barmaqlarla qarışdırılır,xəmir halına salınır. Xəmirlə işlənəcək yer –lövhənin üzərinə çoxlu un səpilir,xəmir yoğrulur. Təxminən 10 dəqiqə,xəmir bərkiyənə,səthi hamarlaşanadək yumruqla basılaraq yoğrulur. Əgər yoğurarkən xəmir ələ yapışırsa o zaman az-az un səpmək olar. Amma çox olmaz,yoxsa xəmir çox bərk və quru alınar. Hazır xəmir bərabər ölçülü kündələrə ayrılır,bir qaba yığılıb dəsmalla üzəri örtülür,dincəlməyə qoyulur. Yuxa yaymazdan 20 dəqiqə əvvəl kündələr özünü bu şəkildə tutmalıdır.

Xəmirin açılması: yuxa yayılacaq yerə azca un səpilir,kündələr qoyulur və üzərinə un səpilir. Kündələr əllə basılaraq yastılanır,nazik oxlovla yayılır. Hər dəfə yayarkən yuxanı fırlatmaq lazımdır ki hər tərəfi açılsın. Təxminən diametri 25 sm olan yuxa açılır. Açılmış yuxanın üzərinə un səpilir və əllə hər tərəfinə yayılır. Belə olduqda yuxa oxlova yapışmır,deşilmir və asanlıqla yayılır. Un səpdikdən sonra oxlovla yayılaraq diametri 50-60sm olan dairə şəklində açılır.

Yuxanın kəsilməsi: açılmış yuxa iti bıçaqla paralel və eninə, 5sm-lik kvadrat şəklində kəsilir. (Romb formasında olması üçün üçün paralel zolaqlar kəsildikdən sonra küncdən eninə kəsmək lazımdır.) Padnosa un səpilir,kəsilmiş xəngəllər üzərinə yığılır,qurumaq üçün bir kənara qoyulur.

Qiymə ətin hazırlanması: orta ölçülü tavaya yağ tökülür,qızdırılır. Çəkilmiş ət əlavə olunur,tez-tez qarışdırılmaqla ətin suyu çəkilənəcən,5-10 dəqiqə bişirilir. Yüngülcə qovrulan ətə xırda doğranmış soğan əlavə edilir,tez-tez qarışdırır,10 dəqiqə,qızaranadək bişirilir. Zövqə görə duz,istiot vurulur.

Xəngəlin bişirilməsi: böyük qazana 15 fincan su tökülür,1 xörək qaşığı duz qatılır və qayanamağa qoyulur. Su qaynadıqda qurumağa qoyulmuş xəngəllər az-az,ehmalca suya salınır. Yapışmasın deyə böyük kəfgir qaşıqla arabir qarışdırılır. Təxminən 5 dəqiqə,yumşalanadək xəngəllər bişirilir. (Diqqət yetirmək lazımdır ki həddən artıq çox bişməsin,yoxsa xəşilə dönər) Bişmiş xəngəllər kəfgir qaşıqla götürülüb (yaxud aşsüzəndən süzülüb) geniş boşqablara düzülür. Üzərinə zövqə görə əridilmiş yağ tökülür,qızardılmış qiymə ət qoyulur. Sarımsaqlı qatıqla birgə süfrəyə verilir.

Tamlı olması üçün ətli qiyməni hazırlayarkən sonda bəzən isti suda isladılmış zəfəran da qatırlar.

Nuş olsun!

Ən çox sevilən xəmir yeməklərimizin resepti
Xəmiraşı
Qoyun əti – 163q, buğda unu – 35q, yumurta -¼ ədəd, ərinmiş yağ – 10q, ağ lobya – 20q, şərab sirkəsi – 10q, baş soğan – 20q, keşniş – 20q, quru nanə – 1q, istiot, duz. Qoyun əti qiyməsindən hər pay üçün 5-6 ədəd xırda küftəciklər hazırlanır. Lobya ayrıca bişirilir. Mayasız xəmir 1 mm qalınlığında doğranır

Sulu xəngəl
Qoyun əti – 163 q, 1-ci sort buğda unu – 40 q, yumurta – 1/5 ədəd, noxud – 25 q, ərinmiş yağ – 25 q, baş soğan – 25 q, şərab sirkəsi – 10 q, keşniş və şüyüd – 10 q, quru nanə – 1,0 q, duz, istiot. Ətin döş, kürək və ya bel hissəsi istifadə edilir

Umac
Un – 50q, ərinmiş yağ – 20q, yumurta – 1ədəd, baş soğan – 18q, nanə qurusu- 1,0q zəfəran – 0,1q duz. Unun üstünə duzlu su ilə çalınmış yumurta çilənir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib artıq undan azad edilir və qaynar bulyona tökülərək hazırlanır.

Şəkisayağı gürzə
Qoyun əti – 217 q, quyruq – 25 q, baş soğan – 30 q, un – 80 q, şərab sirkəsi və ya abqora – 10 q, sarımsaq – 2 q, keşniş – 15 q, istiot – 0,1 q, duz. Qoyun əti, quyruq və soğandan qiymə hazırlanır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır.

Düşbərə
Qoyun əti – 108 q, buğda unu – 4 q, yumurta – ¼ əd, baş soğan – 18 q, şərab sirkəsi – 10 q, keşniş – 15 q, nanə qurusu – 10 q, istiot, duz. Düşbərə hazırlamaq üçün sümüklərdən bulyon bişirilir, qoyun ətinin yumşaq hissəsindən soğan və ədviyyat qatmaqla qiymə hazırlanır. Mayasız yoğrulmuş bərk xəmir hazırlanır.

Ət qutabı
Qoyun əti – 108q, baş soğan – 20q, lavaşana – 15q və ya nar – 20q, buğda unu – 110q, ərinmiş yağ – 30q, sumaq – 3q, istiot – 0,1q, duz. Duzlu su ilə undan bərk xəmir yoğrulur, 1- 0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar, lavaşana qatılıb əlavə edilir.

Süzmə xingal
Qoyun əti – 165q, buğda unu – 100q, yumurta 1/5 ədəd, baş soğan – 30q, ərinmiş yağ – 20q, pendir – 15q, qatıq – 50q, sarımsaq – 3q, zəfəran – 0,1q, istiot – 0,1 q, duz. Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir.

Göyərti ilə kəsmik qutabı
Göyərti 200q, ispanaq – 75q, turşəng – 76q, göy soğan – 25q, keşniş və şüyüd – 25q, kəsmik – 100q, buğda unu – 140q, ərinmiş yağ – 20q, kərə yağı – 20q, yumurta – 1/5 əd., istiot, duz. Göyərti təmizlənir, yuyulur və yağda qızardılmış soğanla pörtlədilir. Soyuduqdan sonra göyərtiyə kəsmik, istiot və duz qatılıb yaxşıca qatışdırılır.

Sucuq
Ev şəraitində hazırlanan buğda nişastası və ya qarğıdalı unu – 50q, su – 110q, ərinmiş yağ – 20q, şəkər – 40q, qoz ləpəsi – 40q, zəfəran – 0,1q, duz. Soyuq suda açılmış buğda nişastası və ya qarğıdalı unu qaynayan suya tökülərək arasıkəsilmədən qarışdırılır, şəkər, yağ və zəfəran şirəsi əlavə edilib hazır vəziyyətə gətirilir. Qoz ləpəsi əlavə edilir.

Xəşil
Buğda unu – 100q, ərinmiş yağ – 25q, doşab – 40q, duz. Hər paya 150 qram su götürülür, duz qatılır və tədricən içinə ələnmiş un vurulub qarışdırılır. Qazanın qapağını örtülür, 15-20 dəqiqə bişirilir. Süfrəyə verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışığı tökülür.

Firni
Düyü – 40q, süd – 200q, şəkər tozu – 10q, kərə yağı – 10q, darçın – 0,2q, duz. Düyü 2-3 saat suda isladılır. Sonra sudan çıxarılıb qurudulur, həvəng-dəstədə döyülür. Qaynayan südə qarışdıra-qarışdıra düyü unu əlavə edilir, şəkər və duz qatılıb bişirilir. Süfrəyə verdikdə üstünə yağ tökülüb şəbəkə şəklində darçın səpilir.

Quymaq
Buğda unu – 40q, ərinmiş yağ – 20q, şəkər – 10q, darçın – 0,2q, duz. Un yağda açıq qəhvəyi rəng alınca qovrulur. Sonra tavada arasıkəsilmədən qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir. Tavanın dibində qazmaq əmələ gəlir. Quymaq süfrəyə boşqabda verilir, üstüunə qazmaq qoyulur, şəkər və darçın səpilib yağ tökülür.

Gürzə
Qoyun əti – 217 q, baş soğan – 30 q, un – 80 q, ərinmiş yağ – 25 q, qatıq – 50 q, sarımsaq – 2 q, darçın – 0,1 q, istiot – 0,1 q, duz. Ətlə soğandan hazırlanmış qiyməyə istiot, duz vurulub qızardılır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır.
 



FOTOQALERIYA