SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Hakim ştatlarının sayı artırılacaq

11 Aprel 2019 [13:06]
Ədliyyə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində "Məhkəmə islahatlarında yeni mərhələ” mövzusunda brifinq keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, hakimlər, hüquqşünaslar, millət vəkilləri, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı bu sahədə islahatların yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli həyata keçirilməsinə rəvac verib. 
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, Ədliyyə Nazirliyi islahatlar prosesinə başlayıb və bu prosesdə media ilə sıx əməkdaşlıq edilir.

Ədliyyə Nazirliyinin Təşkilat nəzarət baş idarəsinin rəisi Elçin Qasımov bildirib ki, ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi” olan fərmanın Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılıb: "Fərmanın geniş ictimaiyyətə çatdırılması istiqamətində maarifləndirmə işləri aparılır. Eyni zamanda fərmanın icrası ilə bağlı beynəlxalq təcrübə öyrənilir. Ümumilikdə fərmanla Ədliyyə Nazirliyinə 20 tapşırıq verilib".

O qeyd edib ki, son illər Azərbaycanda 2 yeni məhkəmə kompleksi, 10 yeni məhkəmə binası tikilib istifadəyə verilib, 5 məhkəmə və kompleksin tikintisi isə davam etdirilir: "Eyni zamanda, Bakı, Şirvan və Gəncə məhkəmə komplekslərinin layihələri hazırlanıb". 

Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov qeyd edib ki, son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir: "Habelə vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, işlərə daha operativ və keyfiyyətlə baxılması, məhkəmələrdə şəffaflığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür. Fərmanın icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə Əlaqələndirmə Komissiyası yaradılıb, tədbirlər planı təsdiq olunaraq həyata keçirilir".

Aparat rəhbəri vurğulayıb ki, Məhkəmə-Hüquq Şurasının "qaynar xətti" yaradılacaq. Onun sözlərinə görə, hakim ştatlarının artırılması da nəzərdə tutulub ki, bu da məhkəmələrdə baxılan işlərin azalmasına səbəb olacaq.

Digər çıxışçılar məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində fərmanın əhəmiyyəti, vəkillik fəaliyyətinin gücləndirilməsi mövzularında çıxışlar ediblər. 

Sonra sual-cavab sessiyası keçirilib.

Sonda Nərimanov Rayon Məhkəməsinin binası və "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə tanışlıq olub, media-tur təşkil edilib.