SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Rüşvətlə, sifarişlə hökm çıxaran hakimlər vətəndaşı dövlətdən narazı salır” - NƏZAKƏT MƏMMƏDOVA

25 Mart 2019 [18:01]
"Vətəndaş niyə Avropa məhkəmələrində ədalət axtarmalıdır?!”
"Məhkəmə-hüquq islahatlarının ən əsas hissəsi vətəndaşların daha çox şikayət etdiyi, yaxud qərarları daha yüksək məhkəmə instansiyaları tərəfindən ləğv edilən, yaxud çıxardıqları qərarlardan Avropa Məhkəməsinə şikayət edilən hakimlərin vəzifədən uzaqlaşdırılması ilə başlasa doğru olardı”.

Bu barədə politoloq Nəzakət Məmmədova qeyd edib.

"Dövlətin etibarı zədələnir”

N. Məmmədova vurğulayıb ki, rüşvətlə, sifarişlə qərar, hökm çıxaran hakimlər vətəndaşı dövlətdən narazı salır: "Üstəlik, həmin vətəndaşlar Avropa İnsan Haqları Məhkəməsinə şikayət edərək dövlətdən külli miqdarda təzminat alırlar ki, bu, bəzən 100 min avronu keçir. Olmazmı ki, hakimlər vicdanlı qərarlar çıxarsın, nə narazı vətəndaş Avropa Məhkəməsinə müraciət etsin, nə də dövlət büdcəsi yüz minlərlə avronu vətəndaşa cərimə olaraq ödəməsin?! Bu pul bizim işləyib büdcəyə verdiyimiz vergidir. 

Eyni zamanda, dövlətin etibarı zədələnir, ölkəmizdə məhkəmələrin insanlara qarşı ədalətsizliyi barədə Avropada fikir formalaşır. Hansısa rüşvətxor, vicdansız hakimlər 5-10 minlə cibini dolduracaqsa, dövlətin nüfuzuna niyə xələl gəlməlidir, vətəndaş niyə Avropa məhkəmələrində ədalət axtarmalıdır?! 

Biz Avropa Məhkəməsində nəinki Azərbaycan məhkəmələri tərəfindən hüquqları pozulmuş azərbaycanlıların mülki, yaxud cinayət işlərinə, daha çox gücümüzü Ermənistan tərəfindən hüquqları pozulmuş azərbaycanlıların haqqının bərpasına yönəltməliyik. Avropa məhkəməsinə o işlər daşınmalıdır ki, o, Azərbaycan məhkəmələrindən asılı deyil. 

Vətəndaşın hüququnun bərpası dövlətin öz əlindədir. Qanunlarımız yaxşıdır, sadəcə, ona vicdanla riayət edilməlidir ki, dövlət-vətəndaş münasibəti yüksəlsin, etibar və etimada söykənsin. Zira, məhkəmə vətəndaşın dövlətdən haqq-ədalət umduğu ümid qapısıdır”.

Şamo EMİN, Hurriyyet.org