SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Günah etmədiyimiz gün -bayramdır...” Novruzumuzu da halallıqla qeyd edək...

22 Mart 2019 [03:14]
"Günah etmədiyimiz gün -bayramdır...”  Novruzumuzu da halallıqla qeyd edək...
Haram yeyib-içmək və geyimlərlə, sərxoşluqla və s. keçirdiyimiz Yeni il, 8 Mart və s. bayramlar əslində bir xalq üçün faciədir...
Günahlardan, pisliklərdən uzaq olsaq, hər bir bayram bizim üçün ikiqat bayram olar...
Mübarək İslam dinində "ibadət” dedikdə yalnız namaz, oruc, Həcc ziyarəti və s. kimi konkret dini rituallar nəzərdə tutulmur. Geniş mənada insanın ixlasla, səmimi olaraq yerinə yetirdiyi hər bir gözəl əməl ibadətdir. Bu mənada dini və dünyəvi bayramlarımızın keçirilməsi də ibadət sayılmalıdır. Bu şərtlə ki, günah edilməsin...

Həzrət Əli əleyhissəlamın gözəl bir kəlamı var: "Günah etmədiyimiz gün -bayramdır...”. Amma son dövrlərdə, təəssüf ki, İslam ölkələrində, o cümlədən, Azərbaycanda adi günlərdə günah əməllərin çoxalması bir yana, bayram günlərində daha çox, daha ifrat günahlar edilir. Bəzi bayramlarda insanlar sanki yarışa girirlər: kim daha çox yeyəcək, kim daha çox şərab içəcək, kim avtomobilini daha sürətlə sürüb "avtoşluq” edəcək, kim daha çox zinakarlıqla, qumarbazlıqla məşğul olacaq və s.

Bu  mənada, Qurani-Kərimin və Həzrət Əlinin(s) misal çəkdiyimiz  kəlamının məntiqi ilə düşünsək, haram yeyib-içməklə, haram, açıq-saçıq geyimlərlə, sərxoşluqla, əyyaşlıqla, iblisanə musiqi, mahnı və rəqslərlə və s. günah əməl və davranışlarla keçirdiyimiz Yeni il, 8 Mart və s. bayramlar əslində  bir toplum, xalq üçün faciədir...

Novruzda da günahlardan çəkinək...

Bu ərəfədə bayram etdiyimiz Novruz günləri evlərimizin, bağ-bağatlarımızın təmizlənməsi, abadlaşdırılması, əyin-başımızın yenilənməsi – bir sözlə, cismani təmizkarlıqla müşayiət olunur. Əslində islami baxımdan insan hər gün cismani, həm də mənəvi yöndən təmizlənməlidir. Namaz, oruc kimi ibadətlər hər iki gözəlliyi özündə ehtiva edir. 

Söhbət ondan gedir ki, bayramlarımızda həm də mənəvi-ruhani baxımdan paklanmağımıza, yəni günahlardan uzaq durmağımıza yer verilməlidir. Novruz bayramının, ən azı, iki gözəl komponenti- qarşılıqlı bayramlaşma, yardımlaşma, qohum-əqrəbaya baş çəkmə də məhz günahlardan uzaq durmağa bir çağırışdır. 

Amma digər bayramlarımız kimi Novruz da yüz illər, min illər boyu müsəlman, türk yurdlarının, vətənimizin müxtəlif dinlərin hakim olduğu və imperiyaların əsarətində qaldığı dönəmlərdən keçib gəldiyindən müəyyən haram və xurafat sayılan əməllərə, rituallara da bulaşıb.

 Məsələn, tonqal yandırıb kənarında durmaq, onun üzərindən atlanmaq günah olmasa da, həmin hərəkətləri ocaqdan xəstəliklərinin təmizlənməsi, arzularının yerinə yetməsi istəyi ilə və s. etmək - oda sitayiş, yəni, Allaha şərik qoşmaq kimi böyük bir günahdır. Yaxud bəziləri digər dünyəvi bayramları olduğu kimi, Novruzu da araq, şərab təki haram içkilərlə qeyd edirlər.

Bütün bunlar bayramlarımızın ləzzətini qaçırdıb, bizləri onların əsl mahiyyətindən uzaqlaşdıraraq sonda dinimizi də istehza hədəfinə çevirir... Əksinə,  Novruzumuzu daha halallıqla, halal qida və içkilərlə qeyd etmək, bayram masalarımızın üzərinə səməni, paxlava və şəkərburadan və s. öncə Qurani-Kərim kitabını da qoymaq gərəkdir...

Novruz bayramı günündə xüsusi namaz qılınmalıdır...

Yeri gəlmişkən, İslam digər müqəddəs bayramlarımızda olduğu kimi, Novruz günlərində də xüsusi ibadətlər etməyi tövsiyə etmişdir:
İmam Sadiq (ə) Muəlla ibn Xənisə Novruz bayramında aşağıdakı əməlləri yerinə yetirməyi öyrətmişdir:
Bayram günü:
1. Qüsl etmək;
2. Təmiz paltarlar geyinmək;
3. Xoş iyli ətirlərdən istifadə etmək;
4. Oruc tutmaq;
5. Dörd rəkət namaz qılmaq (bu namazın qılınma qaydası aşağıda qeyd olunub); 
Novruz bayramının axşamında qılınan namaz
Bu namaz 2 rəkətdir. Hər rəkətində Həmddən sonra «Ənam» surəsi deyilməlidir.

Novruz bayramı günündə qılınan namaz...

Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət). Onun 1-сi rəkətində Həmddən sonra 10 dəfə «Qədr» surəsi, 2-сi rəkətində Həmddən sonra 10 dəfə «Kafirun» surəsi, 3-cü rəkətində Həmddən sonra 10 dəfə «İxlas» surəsi, 4-сü rəkətində Həmddən sonra 10 dəfə «Fələq» və «Nas» surələri deyilməlidir. Namaz bitdikdən sonra şükür səсdəsini yerinə yetirib, «Məfatihul-Сinan» kitabının 542-сi səhifəsindəki duanı oxumaq lazımdır.

Novruz bayramı günündə qılınan başqa bir namaz...

Bu namaz 2 rəkətdir. Onun 1-сi rəkətində Həmddən sonra 30 dəfə «İxlas» surəsi, 2-сi rəkətində isə Həmddən sonra «Qədr» surəsi deyilməlidir.
Novruz bayramının duası:
Bismilləhir-rahmənir-rahim 
"Yə muqəllibəl-qulubi vəl-əbsar. Yə mudəbbirəl-ləyli vən-nəhər, yə muhəvviləl-həvli vəl-əhvəl. Həvvil hələnə ilə əhsənil-həl”.

Bayramlarda, xüsusən müxtəlif şirniyyat və təamların bol olduğu Novruz günlərində həkimlər yemək zamanı qədəri gözləməyi, pəhriz saxlamağı məsləhətlər görürlər. Yaradan isə bizə daim günahlardan uzaq durmağı tövsiyə edir. Gəlin mədəmizi zərərli qidalardan qoruduğumuz kimi, qəlbimizi də, əməllərimizi də günahlardan qoruyaq, haramlardan pəhriz edək. Həzrət Əlinin xatırlatdığımız kəlamının məntiqiylə yaşasaq, yəni günahlardan, pisliklərdən uzaq olsaq, hər bir bayram bizim üçün ikiqat bayram olar...

Sultan Laçın