SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi ki, gəlirik, yır-yığışınızı edin...”

22 Mart 2019 [02:56]
Bu şənlik beynəlxalq hüquqla hesablaşmayan və başqasının torpağını işğal altında saxlayanlara bir mesajdır ki, biz gəlirik
"Mən bilmirəm Azərbaycanın hansı rayonunda Cocuq Mərcanlı kimi səliqəli, gözəl və hər şeylə təmin olunan bir kənd var”

Bunu mətbuat-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı Cocuq Mərcanlıda keçirilən Novruz Bayramı şənliyi haqqında öz təəssüratlarını bölüşərkən deyib. N.Mehdixanlı bildirib ki, Cocuq Mərcanlıda keçirilən bayram şənliyi düşmənə bir mesaj idi:

"Martın 20-də Azərbaycan Televiziyasının Cocuq Mərcanlıda Novruz Bayramını keçirmək planı var idi. Ora bir çox sənətçilərlə bərabər, mən də dəvət olunmuşdum. Təbii ki, Cocuq Mərcanlıda bayram şənliyinin keçirilməsinin gözəl bir anlamı var. Bu gün Cocuq Mərcanlı özünün yeni həyatını yaşayır və əslində bu şənlik işğal altında olan torpaqlarımızın Cocuq Mərcanlı kimi addım-addım azad olunacağına bir işarədir. Bu, həm də bizim torpaqlarımızı işğal altında saxlayanlara da bir mesajdır ki, belə bayram şənlikləri Şuşada, Kəlbəcərədə, Ağdərədə, Laçında, Qubadlıda da olacaq. Çox gözəl bir bayram şənliyi keçirildi. O qədər insanlar toplaşmışdı ki, onların üzündə sevinc hiss var idi. 

Mən bilmirəm Azərbaycanın hansı rayonunda Cocuq Mərcanlı kimi səliqəli, gözəl və hər şeylə təmin olunan bir kənd var. Bütün yerləri gəzmişəm, amma belə kənd görməmişəm. Şənlikdə xaricdən gələn qonaqlar, millət vəkillərimiz çıxış etdilər. Hərbçilərimiz də yanımızda idilər. Burda bütün insanlarlar birlikdə bayram keçirirdilər. Cocuq Mərcanlıda Azərbaycan Televiziyasının təşkil etdiyi Novruz şənliyi bizim sabah daha böyük ərazidə şənlik keçirəcəyimizin anonsudur. 

Bu şənlik beynəlxalq hüquqla hesablaşmayan və başqasının torpağını işğal altında saxlayanlara bir mesajdır ki, biz gəlirik, ya yır-yığışınızı edin gedin ordan, ya da Azərbaycan əsgərinin və xalqının ayağının altında qalacaqsınız. Altmış üç yaşım olacaq və çox Novruz Bayramları görmüşəm, amma bu bayram həyatımın ən gözəl, ən anlamlı və heç vaxt unutmayacağım bir bayramı oldu. 

Bu, xalqın, millətin, polisin, siyasət adamının bir yumruq kimi birləşdiyinin göstəricisi idi. Arzu edirəm ki, xalqımız həmişə bir yerdə olsun, çünki biz bir yerdə olanda güclü və qalibik”. 

Vasif Əlihüseyn