SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Moskvada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26 Fevral 2019 [14:49]
Moskvada Xocalı faciəsi qurbanlarına həsr olunmuş xatirə axşamı keçirilib. Tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdikləri xatirə axşamında tanınmış ictimai-siyasi xadimlər, Moskvada akkreditə olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Əvvəlcə rejissor Vaqif Mustafayevin "Ağrını içimizdən çəkək” sənədli filmi göstərilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək həmin dəhşətli gecədə baş vermiş hadisələrdən danışıb. O qeyd edib ki, erməni silahlı dəstələrinin MDB-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etməsindən 27 il ötür. 

Həmin hücumdan əvvəl hərbi əməliyyat hazırlanıb, məhv ediləcək bütün əsas nöqtələr düşünülüb, bu şəhərə giriş yolları müəyyən edilib. "Cinayətkarlar öz cəzalarına çatmayana qədər biz hamımız özümüzü Xocalı qurbanı hesab etməli və dünya ictimaiyyətinin Xocalı soyqırımını tanımasına nail olmalıyıq. 

Bugünədək 16 ölkənin parlamenti və ABŞ-ın 19 ştatı bu terror aktını pisləyib. Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində "Xocalıya ədalət!” kampaniyası təşəbbüsünü irəli sürən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva böyük işlər görür. Bugünkü tədbirimizi də Heydər Əliyev Fondunun dəstəyi ilə keçiririk. 

Buna görə mən Leyla xanıma, həmçinin Fondun Rusiya nümayəndəliyinin əməkdaşlarına xüsusilə təşəkkür etmək istəyirəm. Mən, həmçinin bu ağır gündə bizim yanımızda olduqlarına görə rusiyalı dostlarımıza, həmkarlarıma, səfirlərə, diplomatik korpusun təmsilçilərinə artıq dərəcədə minnətdaram”, -deyə P. Bülbüloğlu qeyd edib.

Milli Məclisin deputatı Rasim Musabəyovun sözlərinə görə, bu kədərli tarix təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qeyd olunur. O, bu yaxınlarda İsrailə səfərindən, oradakı Akko şəhərində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə keçirilən tədbirdən bəhs edib.

Deputat xatırladıb ki, həmin vaxt Dağlıq Qarabağda cəmi 130 min erməni vardı və Dağlıq Qarabağ və ona bitişik rayonlarda yaşayan 700 min azərbaycanlı işgəncə və ölüm qorxusu altında evlərini tərk etməli olublar. R.Musabəyov deyib: "Bu qanlı qırğını törədənlər münaqişənin sülh yolu ilə nizamlanmasına istəmirdilər. Onlara çoxlu qan tökülməsi lazım idi. Bu müharibəni başladanlar Ermənistanda yüksək vəzifələrə təyin olundular. 

Məsələn, Robert Koçaryan, onun ardınca Serj Sarkisyan Ermənistan prezidenti oldular. Ermənistan prezidenti olan Sarkisyan jurnalistlərə bəyan etmişdi: " Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik”. 

366-cı alayında batalyon komandiri olmuş və Xocalıya hücumu təşkil etmiş Seyran Oqanyan Ermənistanın müdafiə naziri oldu. Bəziləri generala, digərləri milyarderə çevrildilər. Hamısı da azərbaycanlıların qanı bahasına. Azərbaycan qisas gününü gözləmir. Biz ədalət gözləyir və ona ümid edirik”.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, beynəlxalq hüquq üzrə ekspert Nizami Səfərov çıxışında diqqəti beynəlxalq ictimaiyyətin soyqırımı faktını siyasi müstəvidə tanımasının vacibliyinə yönəldib. 

Onun sözlərinə görə, bu problemin əsas komponentlərindən biri soyqırımı, hərbi cinayətlər və insanlıq əleyhinə qarşı cinayət kimi hərəkətlərə görə cəzasızlığa son qoyulmasıdır. O, Xocalı faciəsini törədənlərin heç birinin müttəhimlər kürsüsündə oturmadığı faktını ikili standartların göstəricisi adlandırıb. 

N. Səfərov vurğulayıb: "Bu soyqırımı aktı Azərbaycan xalqına qarşı aparılan ardıcıl etnik təmizləmə siyasətinin davam idi. Çox təəssüf ki, biz bugünədək günahkarların cəzalandırılmasına nail ola bilməmişik. Dünya ictimaiyyəti Ruanda, Livan və digər ölkələrlə bağlı xüsusi tribunallar təsis edib.

 Lakin Azərbaycanda kütləvi qırğınların günahkarları barəsində heç bir cəza tədbiri görülməyib. Tam əminliklə deyə bilərəm ki, bu cinayəti törədənlər müttəhimlər kürsüsündə oturacaqlar, çünki bu cür cinayət işlərinin qapadılması qanunla mümkün deyil. Beynəlxalq hüquqda bir sıra hüquq alətləri mövcuddur və tez və ya gec qatillər öz cəzalarını alacaqlar”.

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin prezidenti Yefim Pivovar çıxışında deyib "Mən heç nədən və heç bir səbəb olmadan, sadəcə orada yaşadıqları üçün qətlə yetirilən, heç nədən xəbəri olmayan və heç kimin əleyhinə çıxmayan, heç bir qanunları pozmayan, silahı olmayan, hətta onlara nədən işgəncə verildiyini başa düşməyən uşaqların, qocaların, qızların, gənc oğlanların, qadınların xatirəsi önündə baş əymək istəyirəm”. 

O qeyd edib ki, Xocalı faciəsinin sülh prosesi üçün heç bir imkan yeri qoymamaq, təşviş yaratmaq və insanları öz doğma yerlərindən didərgin salmaq məqsədilə əvvəlcədən planlaşdırılmış aksiya olduğuna heç bir şübhə yoxdur. Bu hadisənin təfərrüatlarını indiki gənc nəslə, Azərbaycan, Rusiya və Ermənistan, habelə digər ölkələrin gənclərinə çatdırmaq mühümdür. Bu cinayətin unudulmaması və heç bir zaman təkrar olunmaması zəruridir. "Düşünürəm ki, biz bu cinayətin yaddaşlardan silinməməsi, cinayətkarların cəzalandırılması üçün hər şeyi edəcəyik”, deyə o vurğulayıb.

"Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini Andrey Petrov qeyd edib ki, "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ingilis dilində tərcüməsi çox dəqiq alınıb – "Justice for Khojaly”, çünki "justice” kəlməsi təkcə ədalət deyil, həm də ədalət məhkəməsi mənasındadır. Bu isə Azərbaycanın nail olmaq istədiyi məqsəddir. 

O əlavə edib: "Bu hadisənin faciə adlandırılması təsadüfi deyil, biz olmuş faciəni aradan qaldıra bilmərik, lakin özümüzü və yaxınlarımızı bu cür faciələrin təkrar olunmasından qoruya bilərik. Birincisi, mümkün qədər çox insanı bu faciənin təfərrüatları barədə məlumatlandırmalıyıq, ikincisi, həqiqəti təhrif etmək və kiçiltmək cəhdlərinin qarşısını almalıyıq, üçüncüsü isə, xocalıların qətlinə görə qatillərin mühakimə olunması uğrunda mübarizə aparmalıyıq”.

RAGB-nin fəalı Orxan Kərimov gənclərin adından beynəlxalq ictimaiyyəti Xocalıya ədalətə çağırıb. O deyib: "Gənclərin bu faciəni xatırlaması mühümdür. Əminəm ki, ədalət zəfər çalacaq və xocalılar öz doğma yurdlarına qayıdacaqlar”.